In English
EU EU4ENVIRONMENT
EU4Environment Action - Azərbaycanda Resurs Səmərəli və Daha Təmiz İstehsal (RECP)
“EU4Environment” altı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə: Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova Respublikası və Ukraynaya təbii kapitallarını qoruyub saxlamağa və ətraf mühitlə bağlı tədbirləri dəstəkləməklə insanların ekoloji rifahını artırmağa kömək edir, habelə daha yaşıl inkişaf üçün imkanların yaradılması və ekoloji risklərin və təsirlərin daha yaxşı idarə edilməsi üçün mexanizmlərin yaradılmasında dəstək göstərir.

Sənayenin yaşıllaşdırılması – Azərbaycanda fəaliyyət göstərən müəssisə Elastik MMC EU4Environment layihəsi çərçivəsində şirkətin qiymətləndirilməsində iştirakdan faydalanır

05 sentyabr, 2022
Sənayenin yaşıllaşdırılması – Azərbaycanda fəaliyyət göstərən müəssisə Elastik MMC EU4Environment layihəsi çərçivəsində şirkətin qiymətləndirilməsində iştirakdan faydalanır

Kauçuk  müxtəlif sənaye sahələrində və texnoloji proseslərdə istifadə olunan uyğunlaşa bilən, çox təyinatlı materialdır. Böyük deformasiyalardan sonra tez bərpa olmaq qabiliyyətinə görə çox tələb görür. Təbii kauçukun davamlı və elastik xüsusiyyətləri insanlar tərəfindən 1000 ildən artıqdır ki, istifadə olunur. Bu gün sənayedə həm təbii, həm də sintetik kauçuklar istifadə olunur. Kauçuk məmulatlarının istehsalı əsasən üç kateqoriyaya bölünür: şinlər, sənaye rezin məmulatları (avtomobil, təyyarə, gəmi tikintisində və s. istifadə olunur) və istehlak malları (ayaqqabı, döşəklər, borular, əlcəklər və s.). Rəfə çatmazdan əvvəl həm təbii, həm də sintetik kauçuk istifadəyə yararlı məhsullara çevrilmək üçün uzun silsilə proseslərdən keçməlidir.

Birincisi, aşağı və yüksək temperaturlara davam gətirməsi üçün təbii rezinə kimyəvi maddələr əlavə edilir. Sonra qarışdırılmış məhsul soyudulur, kəsilir və forma verilir. Silindrlərdən istifadə etməklə (kalenderləmə prosesi) və ya ekstruziya prosesindən keçərək, rezin parçalar hamarlanır, üzlənir, sıxılır və ya istədiyiniz formada nazikləşdirilir. Nəhayət, rezinləri möhkəm və davamlı edən çarpaz bağlar yaratmaq üçün onlar istiliklə işlənir (vulkanizasiya olunur). Vulkanizasiya prosesi başa çatdıqdan sonra hər hansı son qüsurlar düzəldilir, qırıntılar təmizlənir və məhsullar yoxlanılaraq qablaşdırılır.

Kauçuk məmulatlar üçün istehsal prosesi

Təkcə təkər sənayesində qlobal tullantı miqdarı ildə 1 ilə 1,8 milyard təkər arasında ölçülür. Avropada aşınmadan yaranan mikroplastik kütlə ilə birlikdə hər il 3 milyon tondan çox istismar müddətini başa vurmuş təkər şini əmələ gəlir.Təkərlərin təkrar emalı və onların dözümlü qiymətli resurslara çevrilməsi Dairəvi İqtisadiyyata gedən yolda prioritet hədəf olsa da, təkrar emal müəssisələri üçün təkərlər əsas tullantı problemi olaraq qalır. Kauçuk sənayesində yaxşı işləyən dairəvi dəyər zəncirini qorumaqla, istehsalçılar, hökumətlər və istehlakçılar iqlim dəyişikliyi və resursların tükənməsi ilə mübarizədə fayda əldə edə və təsirli dəyişikliyə nail ola bilərlər.

Elastik MMC və onun resurs səmərəliliyi və daha təmiz istehsal prinsiplərini qəbul etmə səyləri 

Azərbaycanda 10 milyon əhaliyə təxminən 1,4 milyon avtomobil düşür. Üstəlik, hər il ölkəyə 500.000-ə yaxın yeni və işlənmiş təkər gətirilir. Təkcə bir ton təkərdən 600 kq sintetik yanacaq istehsal olunaraq sənaye və istehlakçılara enerji tədarükü üçün istifadə edilə bilər. Kauçuk və təkər istehsalında artım baş verərkən, eyni şeyi fəaliyyətini təkər və rezin tullantılarını azaltmaq, təkrar istifadə etmək və ya təkrar emal etmək isiqamətində quran sənayelər haqqında demək olmaz. Ölkə miqyasında böyük miqyaslı təkrar emal səyləri hələ də yetərsiz olduğu üçün bu yük tullantı və davamlı istehsal məsələləri ilə təkbaşına məşğul olmaq məcburiyyətində qalan rezin istehsalçılarının üzərinə düşür.

Elastik MMC Mingəçevir şəhərində yerləşən və geniş çeşiddə rezin məmulatlarının istehsalı üzrə ixtisaslaşmış rezin istehsalı müəssisəsidir. Şirkətin məhsulları arasında  manjetlər, halqalar, sürət blokları, rezin dayaqlar, avtomobillər üçün döşəmə örtükləri, kipkəclər, tıxaclar və s. göstərmək olar Müəssisə əsasən fərdi və kiçik seriyalı sifarişlərlə məşğul olur və onun məhsul portfeli hər il dəyişir. Elastik MMC-nin əsas müştəriləri Bakı Metropoliteni və AzərAluminium MMC daxil olmaqla, ölkə üzrə iri sənaye müəssisələridir (fərdi müştərilərdən başqa).

İstehsalını təkmilləşdirməyə və kauçuk məhsulların dəyər zəncirində dairəvi iqtisadiyyat təcrübələrinin təşviqində rol oynamağa həvəs göstərən Elastik MMC “EU4Environment” təşəbbüsü çərçivəsində UNIDO-nun RSDTİ Layihəsinə Nümayiş Şirkəti kimi qoşulmuşdur. Layihə qrupunun müəssisəyə bir neçə səfəri zamanı mövcud boşluqlar və istehsal xəttində resurslardan istifadənin yaxşılaşdırılması imkanları müəyyən edilmişdir. Bu proses, səmərəsizlik hallarını qiymətləndirmək üçün hələ də davam edən məlumatların təhlili və hesablama çalışmalarını əhatə edir. Komanda öz vəzifələrini tamamladıqdan sonra təsbitlər və verilən tövsiyələr istehsalatda cari təcrübələrin ətraf mühitə mənfi təsirini azaltmaqda və öz fəaliyyət səmərəliliyini artırmaqda Elastik MMC-yə kömək edəcəkdir.

Şirkət tərəfindən müəyyən edilmiş əsas maraq sahələrindən bəziləri texnologiyanın modernləşdirilməsi, yeni piroliz qurğusuna sərmayə qoyuluşu, avadanlığın tədricən müasir və daha səmərəli olanlarla əvəz edilməsi ilə bağlı olmuşdur. Keçmişdə “Elastik” MMC rezin tullantılarından enerji əldə etmək üçün piroliz qurğusu işlətmiş olsa da texniki problemlərə görə bu qurğunun istismarını dayandırmışdır. Hal-hazırda, müəssisə istehsalat tullantılarını azaltmaq və rezin tullantıları emal etmək üçün bir üsul kimi pirolizdən istifadəni davam etdirmək üçün RSDTİ Nümayiş Layihəsindən faydalanmaq məqsədinü güdür. Öz istehsalat obyektləri daxilində təkcə təkərlərdən yaranan tullantıları deyil, digər növ rezin tullantıları da təmizləmək mümkün olacaqdır.

Nümayiş qiymətləndirməsinin sonunda Mingəçevirdə yerləşən şirkət daha rəqabətqabiliyyətli və ətraf mühitə dost olmağa kömək edəcək tədbirləri özündə əks etdirən RSDTİ fəaliyyət planı əldə edəcəkdir. Şirkətin daha dayanıqlı istehsal modelinə həvəsi və sadiqliyi onu Azərbaycanda, eləcə də ŞT regionunda bu sektorda digər KOM-lar üçün uğur nümunəsinə çevirəcəkdir.

Sənayenin yaşıllaşdırılması

Bu məqalə EU4Environment Action təşəbbüsü çərçivəsində UNIDO-nun rəhbərliyi altında həyata keçirilən RSDTİ Nümayiş layihəsinin #SənayeninYaşıllaşdırılması kampaniyasının tərkib hissəsidir.

Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) və Azərbaycanda və digər ŞT ölkələrində seçilmiş sənayelərdə RSDTİ fəaliyyətlərinin gedişatı haqqında ətraflı məlumat üçün sosial mediada #GreeningTheIndustry həştəqini izləyin.